2021/2022 - ci tədris ilinin başlaması münasibəti ilə ADPU-nun Quba filialına qəbul olunan I kurs tələbələri ilə tanışlıq xarakterli görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüş açıq havada filialın direktoru dosent Yusif Alıyevin, professor və müəllim heyətinin, həmçinin məhdud sayda tələbələrin iştirakı ilə keçirilib.
Universitetin II tədris ili tələbəsi Səma Asəfovanın aparıcılığı ilə baş tutan görüşdə əvvəlcə Vətən müharibəsi Şəhidlərinin xatirəsi anılıb.
Filialın direktoru dosent Yusif Alıyev tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza qələbə sevinci yaşadan əsgər və zabitlərimizin qəhrəmanlığından söhbət açıb. Qeyd edib ki, bu qələbədə ADPU-nun məzunlarının, tələbələrinin də payı var.
Dosent Yusif Alıyev : Azərbaycan dövlətini, millətimizin çox böyük xoşbəxt, fəxarətli tələbələrisiniz ki, l kursu qalib dövlətin Zəfər qazanmış dövlətin tələbələri kimi siz ali təhsil müəssisəsinə qədəm basacaqsınız. Biz sizlərin bizim universiteti seçdiyinizə, bizim ilə bir yerdə təhsil alacağınıza, bizimlə bir yerdə qarşılıqlı öyrənmə və öyrətmə prosesində iştirak edəcəyinizə görə sizlərə, sizin valideynlərinizə, müəllimlərinizə, sizləri yetişdirən nəsilə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Əziz tələbələr, bugün ölkəmiz üçün sözün həqiqi mənasında vüsət almış, geniş qalibiyyət, geniş quruculuq və imkanlar çərçivəsində siz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını seçməklə Azərbaycan təhsili siyasətinə böyük xidmət etmiş şəxslər olmusunuz. Çünki artıq Azərbaycan Respublikasının təhsil strategiyasının siyasətinə uyğun olaraq bilirsiniz ki, hər bir ali təhsil müəssisəsinin qarşında duran ən öndə vəzifə bacarıq, öyrətməni ən yüksək formada təşkil etməkdir. Biz də universitetimizin çox dəyərli professor-müəllim heyəti ilə birgə və sizlərin, sizlərdən öncə təhsil alan tələbələrin savadına, biliyinə, bizə inamına güvənərək bu təhsili möhkəm təməllər üzərində qurmağa çalışmışıq, çalışırıq, çalışacağıq da. Və siz bugün Pedaqoji Universitetin bu həyatına qədəm qoyduğumuz bu yeri, bir il bundan qabaq, sizdən öncə gəlmiş tələbələr belə görməmişdi. Artıq siz həm də Azərbaycan Respublikasının qüdrətini, gücünü, iqtisadiyyatını və Azərbaycanı dünyada həqiqətən də söz sahibi olan dövlət olaraq da onun modelini bu Universitetdə də görəcəksiniz. İnkişafımız, tərəqqimiz, innovativliyimiz, innovasiyamız və siz tələbələrə olan sevgimiz, qayğımız sonsuz, hədsiz, sərhədsizdir. Ona görə də sizin təhsil almağınız üçün biz özümüzə böyük bir qürur hissi keçirərək, özümüzü toparlayaraq sizlərin, valideynlərinizin, müəllimlərinizin qarşında sizlərə çağırış edərək ADPU-nun Quba filialını seçməyiniz üçün sizdən bir növ xahiş etmişdik. Və sağolun ki, siz bizim xahişimizi yerinə yetirmisiniz.
Əziz valideynlər, hörmətli tələbələr bir statistik məlumatı vermək istəyirik ki, ADPU-nun Quba filialı bu il yəni 2021/2022-ci tədris ilində tələbə sifarişi olaraq yerlərini 295 nəfər tələbəyə uyğun planlaşdırmışdı və ixtisasımız artıq 6 ixtisasdan bu il 10 ixtisasa qalxmışdır ki, 9 ixtisasımız qəbul prosesində iştirak edirdi.
Bəli, bugün ADPU-nun Quba filialına l kurslar qəbul olmuşdur və bu kurslar 295 nəfərdən 271 nəfərini təşkil edir.
Mən fürsətdən istifadə edərək bizim hörmətli tələbələrimizi, hörmətli valideynlərimizi ADPU-nun rektoru prof.Cəfər Cəfərovun da adından salamlamaq və təbrik etmək istəyirəm.
Əziz tələbələr biz sizlər qarşında götürdüyümüz öhdəliyi, məsuliyyəti, ağırlığı, ciddiyəti, səmərəni çox yüksək formada dərk edirik. Ona görə də sizlərlə bu gündən, bu saatdan, bu andan başlayaraq, tədrisin bütün pillələri üzrə sizin gələcək həyatınızda unudulmayacaq bir əsaslı təməl, zəmin yaradacağıq.
Əziz tələbələr siz 4 il ərzində ADPU-nun Quba filialında daim gündən-günə yeniləşən bir həyat, gündən-günə müasirləşən bir Universitet görəcəksiniz.
Daha sonra çıxış edən filialın Tədris və elmi işlər üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov bildirib ki, filialda qarşılaşdığınız bütün yeniliklər siz tələbələrin gəlişi üçün hazırlanıb.Filial rəhbərliyi və kollektiv təhsilin, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün əlindən gələni edir.
Universitetinin tarixi inkişaf yolundan danışan filialın Pedaqoji faküktəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov bildirib ki, son iki ildə filialda direktorumuz dosent Yusif Alıyevin təşəbbüsü görülən yeniliklər, aparılan islahatlar bizləri ölkəmizin nüfuzlu ali məktəbi statusuna doğru aparır.
Daha sonra Qələmşah İdrisov filialın bu ilki qəbul nəticələrindən söz açıb, burada təhsil almaq şansı qazanan gəncləri təbrik edib, onlara təhsil illərində uğurlar arzulayıb.
Filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova da tələbə adını qazanan gənclərə təhsil alacaqları universitetin maddi-texniki bazası, fakültə və kafedraları, ictimai təşkilatları, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti haqqında ətraflı məlumat verib.Bildirib ki, filialda rəhbərliyin ətrafındakı komanda ruhu bu gün bizlərin siz gənclər qarşısında məsuliyyətini daha da artırır.
Tədbirdə həmçinin valideynlərdən Fikrət Babayev, filialın əvvəlki illərinin məzunu olmuş Abdulla Məmmədov çıxış edərək övladlarının bu universitetdə təhsil almasının qürurundan bəhs etmiş, abituriyentin şəxsi istəyi ilə bu təhsil ocağını seçdiklərini vurğulamışlar.Həmçinin Fikrət Babayev tanışlıq zamanı filialın maddi- texniki bazasının keyfiyyətindən, kitabxananın zənginliyindən, əməkdaşların səmimiliyindən də söz açmışdır.
Çıxış edən II tədris ili tələbəsi Şəbnəm Abdullayeva da I kurs tələbələri ilə səmimi ünsiyyət quraraq, onları ilk gündən universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət edib.
Tədbirin sonunda filiala 500-dən yuxarı bal toplayaraq qəbul olunan I kurs tələbələri
Ağaliyeva Nərmin Elnur, Məmmədova Zəhra Telman, Qeybullayeva Ləman Faiq, Qadiyeva Sevinc Xəlilulla qızının təhsil aldıqları orta məktəblərin rəhbərlərinə Minnətdarlıq məktubları təqdim edilib.
Daha sonra tələbələr tyutorlarla birlikdə universiteti gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olub, ilk dərsə başlayıblar.